Yasir ailəsi

Yasir ailəsi

Yasir, Sumeyya və Ammar

«Səbr edin, ey Yasir ailəsi! Sizin məkanınız Cənnətdir».

Allahın elçisi, Məhəmməd ﷺ

Təmiz havalı, açıq səmalı günlərin birində səhər çağı Yəməndən gələn bir karvan Məkkədə dayandı. Yasir ibn Amir əl-Kinani müqəddəs Məkkənin yaxınlığında dayanıb ona doyunca baxdı. Kəbəni görə bildiyi üçün Yasirin könlü çox şad oldu. Onun gözləri hələ o vaxtadək nə isə gördüyü üçün bu qədər sevinməmişdi.

Yasir Məkkəyə karvanla gələn digər insanlar kimi ticarət etməyə gəlməmişdi. O, digər iki qardaşı Haris və Maliklə birgə Məkkəyə uzun illərdən bəri itirdikləri və heç yerdə tapa bilmədikləri qardaşlarlarını axtarmaq üçün gəlmişdilər. Qardaşlar hər yerdə axtarışa başladılar. Onu hər kəsdən soruşdular. Sonda qardaşlarını tapmaqdan ümidlərini üzüb fərqli istiqamətlərə ayrıldılar.

Haris və Malik uşaqlıq yurduna – doğma Yəmənə qayıtdılar. Yasirin isə Məkkədən çox xoşu gəldi və o burada yaşamağa, məskən salmağa qərar verdi.

Yasir bu qərarı verməklə hansı şanlı mərtəbəyə çatacağından və tarixin səhifəsinə şanlı həriflərlə yazılacağından xəbərsiz idi. O, zürriyətindən səbri və dözümlülüyü dillərə dastan olan bir övlad gələcəyini hələ bilmirdi. Yasiri Məkkədə qoruyub himayə edə biləcək bir qohumu və ya həmyerlisi yox idi. Təbii ki, onun kimi qərib olan bir kimsənin zəiflərin yeri olmayan bu cəmiyyətdə təhlükəsiz və amanda yaşaması üçün Məkkə ağalarından birinə sığınması lazım idi. Yasir Əbu Huzeyfə ibn əl-Muğirə əl-Məxzumi ilə razılaşıb onun köləliyinə keçdi.

Əbu Huzeyfə Yasiri dürüst və əxlaqlı biri görüb onu Sumeyyə bint Xibat adlı kənizi ilə evləndirdi. Bu evlilikdən valideynlərin Ammar adlı bir övladı oldu. Bu uşaqla ailəyə sevinc gəldi. Əbu Huzeyfə onu azad etdiyi zaman isə ailənin sevinci ikiqat artdı.

Ailə yenə də Məxzumilərin himayəsində sakit və razı halda həyat sürdü. Günlər keçdi, illər ötdü. Yasir və Sumeyyanın yaşları xeyli irəllədi. Ammar isə gümrah bir gənc olmuşdu.

Vaxt yetişdi və Yer üzü Rəbbinin nuru ilə işıqlandı. Məkkəyə xeyirxahlıq, hidayət və ədalət günəşi doğmuşdu. Yazıb-oxumaq bilməyən peyğəmbər Rəbbinin tapşırığını aşkarcasına yerinə yetirməyə başladı. Qövmünü əzabla qorxutdu, Cənnətlə müjdələdi. Onları dünyanın izzətini, axirətin isə səadətini əldə etməyə çağırdı.

Ammar ibn Yasir bu yeni dəvət barəsində xəbərləri başqa insanlardan eşitdi. Sanki qulağı, qəlbi və zəkası açıldı. Lakin eşitdikləri və aldığı xəbərlər ona azlıq etdikdə, Ammar öz-özünə dedi: «Ay yazıq Ammar! Özünü niyə susuz buraxırsan?! Axı suyun çeşməsi sənə yaxındır. Qalx, dinin dəvətçisinin yanına get! Məhəmməd ibn Abdullahın yanına get! Doğru xəbər onda və onun səhabələrindədir».

Ammar dərhal Ərqam ibn Əbu əl-Ərqamın evinə getdi. Peyğəmbəri ﷺ orada gördükdə və söhbətinə qulaq asdıqda çox sevindi. Qəlbi sevinc və fərəh hissləri ilə coşub-daşırdı. Peyğəmbərin ﷺ hidayət yolu Ammarın qəlbinə hikmət və nur gətirmişdi. O, əlini Peyğəmbərə uzadaraq dedi: «Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur. Və yenə şəhadət edirəm ki, sən Onun qulu və elçisisən!»

Sonra Ammar ibn Yasir anasının yanına getdi və onu da müsəlman olmağa çağırdı. Çox keçmədi ki, oğlunun çağırışına qulaq verən ana da İslam dinini qəbul etdi. Sonra atasını da müsəlman olmağa çağırdı. Atası da İslam dinini qəbul etməkdə zövcəsindən geri qalmadı və dərhal müsəlman oldu. Beləcə nur və hidayət dəryasına bu mübarək ailə ilə daha üç gəmi qoşuldu. Onların buraxdığı nur izi bu günümüzə kimi möminlərin qəlblərində hələ də yaşamaqdadır. Bu, Allahın izni ilə dünya qaldıqca belə də qalacaq.

Bu üç nəfərin müsəlman olması xəbəri Məxzumilərə yetişdikdə, qəzəblərindən özlərinə yer tapa bilmədilər. And içdilər ki, onları ya İslam dinindən döndərəcəklər, ya da ölümcül vəziyyətə salacaqlar. Dinlərindən dönməyən ailəni Məkkə vadisinə aparıb əyinlərinə dəmirdən zireh geyindirib, günəşin qızmar şüaları altında yandırmağa başladılar. Onlara bir qıram da olsun su vermədilər. Əksinə əllərindəki qamçılarla ata-ananı və övladlarını döydülər. O qədər tərləmişdilər ki, tərləri belə tükənmişdi. Bədənləri qamçı və şallaq yerlərindən parça-parça olmuşdu. Qan su yerinə axırdı. Həmin gün onları beləcə qoyub getdilər. Ertəsi gün yenidən gəldilər və işgəncələrini davam etdirdilər. Bir dəfə onlar bu cür işgəncə çəkdikləri vaxt Peyğəmbər ﷺ oradan keçirdi. Bu işgəncənin qarşısını ala bilmək üçün əlində gücün olmadığına görə Peyğəmbərin ﷺ qəlbi pərişan oldu. Onlara yaxınlaşıb «Səbr edin, ey Yasir ailəsi! Sizin məkanınız Cənnətdir!» – deməkdən başqa heç nə edə bilmədi. Bu sözlərdən sonra işgəncə görən qəlblərə rahatlıq, gözlərə nur, üzlərə təbəssüm gəldi.

Bu işgəncə uzun çəkmədi. Əbu Cəhl Sumeyyanın yanına gəlib ona işgəncə verməyə başladı. Əvvəlcə ona olmazın söyüşləri və təhqiramiz ifadələrini deyən qəddar Əbu Cəhl, sonra nizəni Sumeyyanın qarnına batırdı. Nizənin ucu Sumeyyanın kürəyindən çıxdı. Beləcə o, İslamda şəhidlik mərtəbəsinə ucalmış ilk müsəlman oldu. Yasir isə işgəncələrə dözə bilməyib şəhadət gətirə-gətirə ruhunu tapşırdı.

davamı var

Məqalə “Səhabələrin həyati” kitabindan götürülmüşdür

2026-10-01 (Рабиул ахир 1448 г) №10.


Иблисин мүxтəлиф симaлaри

Бу мəгaлəнин јaзылмaсынa интeрнeтдə ҝeниш јaјылaн бир видeo сəбəб oлуб. Видeoдa ҝөзəл бир гызын шeјтaндaн xилaс eдилмəси сəһнəси тəсвир eдилир. Иблиси тəмсил eдəн гoрxунҹ вə eјбəҹəр бир мəxлуг гызы јaxaлaмaғa вə oну ҹəһəннəм aлoвунa сүрүклəмəјə чaлышыр.   Илк бaxышдa һəр шeј мəнтигли...


Һəр ҝүн дишлəрини тəмизлə

Мəрaт дoстунун aд ҝүнүндəн гaјытды. Ҝүн чox шəн кeчмишди. Xүсусилə дaдлы тoрт вə чoxлу-чoxлу ширнијјaтлaр oну сeвиндирмишди: кoнфeтлəр, зeфирлəр, мaрмeлaд, шoкoлaд. Үстəлик, бaјрaмдaн сoнрa бaлaҹa гoнaглaр eвлəринə дaғылышaркəн дoсту həр биринə өзү илə aпaрмaг үчүн бир aз дa ширнијјaт вeрди. Мəрaт...


İbadətdə süstlük

Bəzən insanın ən böyük itkisi əlindən gedən bir şey deyil, qəlbində itirdiyi bir hissdir.   Bir vaxtlar namazı səbirsizliklə gözləyən insan gün gəlir namaz vaxtını ağır bir vəzifə kimi görməyə başlayır. Quran oxuyur, amma ayələr əvvəlki kimi qəlbinə toxunmur. Dua...


Иcлaмдa вaлјутa мүбaдилəcи

(Давaмы. Бaшлaнғыҹы əввəлки нөмрəмиздə)   3. Мүгaвилəнин бaғлaндығы јeрдə гaршылыглы һecaблaшмa   Тəрəфлəр бир-бириндəн aјрылмaздaн əввəл мүгaвилə јeриндə (мəҹлиcдə) əллəриндəки гaршылығы (eквивaлeнти) тəһвил вeрмəлидирлəр. Мүбaдилə oлунaн əшјaлaрын eјни нөв (гызылын гызыллa, дoллaрын...


Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили

Aллaһын oнa əмaнəт eтдији cиррлə инcaнлaры өзүнə ҹəлб eдəн aриф   Бəзи Aллaһ дocтлaры вaрдыр ки, oнлaрын тəcири јaлныз cөјлəдиклəри cөзлəрдəн дeјил, гəлблəриндə дaшыдыглaры мəнəви һaлдaн гaјнaглaныр. Шeјx Əбу əл-Һəcəн Əли əш-Шaзили дə бeлə бөјүк aрифлəрдəн бири кими тaнынмышдыр.   Əбу...