Quran – Muhəmməd ﷺ peyğəmbərin ən böyük möcüzəsidir

Quran – Muhəmməd ﷺ peyğəmbərin ən böyük möcüzəsidir

Quran – Muhəmməd ﷺ peyğəmbərin ən böyük möcüzəsidir

İslamda «Möcüzə» anlayışı

 

İslamda möcüzələr peyğəmbərliyi təsdiq edən amillərdən biridir. Möcüzələr Allahın ucalığına və Onun istədiyi hər şeyi yaratmağa qadir olduğuna şəhadət edir. Onlar peyğəmbərlərin və rəsulların yolunun haqq olduğunu, Allahın səmimi bəndələrinin isə salehliyini təsdiqləyir.

 

Lakin bununla yanaşı, İslam müsəlmanları möcüzələrə və bu möcüzələrin zahir olduğu şəxslərə, Qurana və Şəriətə tabe olmağa zərər verəcək dərəcədə həddindən artıq diqqət yetirməkdən çəkindirir.

 

Quran

Müqəddəs kitabların ən sonuncusu Qurandır. O, Peyğəmbər Muhəmmədə ﷺ nazil edilmişdir. Bu Müqəddəs Kitab heç bir təhrifə məruz qalmadan, hər hansı bir dəyişiklik edilmədən günümüzə qədər gəlib çatmışdır. Ayələrin birində bu barədə belə buyurulur:

(Mənası): «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyacağıq» (əl-Hicr surəsi, 15/9).

Uca Allah Özü bu sonuncu Müqəddəs Kitabı "Quran" adlandırmışdır. Biz bunu əl-Vaqiə surəsinin 77-ci ayəsindən bilirik, orada buyurulur:

(Mənası): «Həqiqətən, bu, çox şərəfli bir Qurandır» (əl-Vaqiə surəsi, 56/77).

 

Quranın adları

Müqəddəs Quranın onun xüsusiyyətlərini əks etdirən 50-dən çox adı vardır. Onlardan ən məşhurları bunlardır: «Kitab» (Kitab), «Furqan» (Haqqı batildən ayıran), «Tənzil» (Allah tərəfindən endirilmiş), «Zikr» (Allahı xatırladan kitab), «Haqq» (Həqiqət), «Nur» (İman nuru), «Kəlamullah» (Allahın sözü), «Həblullah» (Allaha aparan ip) və s.

Müqəddəs Quran özündən əvvəl nazil olmuş kitabların doğruluğunu təsdiq etmiş, lakin yeni hökmlər bəyan etmişdir:

(Mənası): «Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur, (əzəli və əbədi) Yaşayandır, Qayyumdur (bütün kainatı idarə edəndir). O, sənə Kitabı (Quranı), özündən əvvəlkiləri təsdiqləyici olaraq haqq ilə nazil etdi. İnsanlara doğru yol göstəricisi olaraq daha öncə Tövratı və İncili də O nazil etmişdi. Furqanı (haqqı batildən ayıranı) da O nazil etdi» («Ali-İmran» surəsi, 3/2–4).

 

Quranın Möcüzəsi

Peyğəmbər Muhəmmədin ﷺ müasiri olan ərəblər, digər ərəb qəbilələri arasında öz gözəl bəlağətləri və möhtəşəm poeziyaları ilə tanınırdılar. Onlar hətta gündəlik ünsiyyətdə belə poetik üslubdan istifadə edir və bu sahədə bir-birləri ilə yarışırdılar. Məhz buna görə də, Allah Rəsulunun ﷺ baş möcüzəsi Quran idi. Müqəddəs Kitabın dəfələrlə meydan oxumasına baxmayaraq, bütöv bir ərəb şairləri və natiqləri ordusu onun bənzəri olan bircə şey belə tərtib edə bilməmişdilər.

Peyğəmbər Muhəmmədin ﷺ səhabəsi Əbu Hüreyrə rəvayət edir ki:

«Peyğəmbər ﷺ buyurdu: “Hər bir peyğəmbərə insanların ona iman gətirməsinə səbəb olacaq bir möcüzə verilmişdir. Mənə verilən isə (Allahın nazil etdiyi) bu Vəhydir (Qurandır). Ümid edirəm ki, Qiyamət günü ardıcıllarımın sayı digər peyğəmbərlərdən daha çox olacaqdır”» (Buxari).

Muhəmməd Peyğəmbərin ﷺ möcüzəsinin özünəməxsus xüsusiyyətləri vardır. Əvvəlki bütün möcüzələr zaman və məkanla məhdud idi; yəni onlar müəyyən bir zamanda, müəyyən insanlara göstərilmişdi. Sonuncu Peyğəmbərin ﷺ möcüzəsi olan Quranda isə vəziyyət fərqlidir.

Bu — universal və daimi bir möcüzədir. Əvvəlki nəsillər buna şahidlik etdikləri kimi, gələcək nəsillər də onun heyrətamiz təbiətinin, üslubunun təkrarolunmazlığının, məzmununun və mənəvi təsirinin şahidi olacaqlar. Bütün bunları yoxlamaq və beləliklə, Quranın ilahi mənşəli olduğunu sübut etmək mümkündür.

Quranın təkrarolunmazlığı (icazı) onun kompozisiyasında, bəlağətində və ifadə tərzinin mükəmməlliyində özünü büruzə verir. O, o qədər möcüzəvidir ki, insanlara və cinlərə bu Müqəddəs Kitabın bənzərini, yaxud heç olmasa onun bir hissəsini yazmaq təklif olunmuşdur. Allah onlara üç mərhələdə meydan oxumuşdur.

Əvvəlcə onlara Quranın bütövlükdə bənzərini ortaya qoymaq təklif edildi, lakin onlar bunu bacarmadılar və bu çağırış qarşısında aciz qaldılar. Uca Allah buyurmuşdur:

(Mənası): «Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər. Əgər doğru deyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər» (əs-Tur surəsi, 52/33–34).

Onların bu çağırışı qəbul etməkdə aciz olduqlarını təsdiqləyərək Uca Allah belə buyurdu:

(Mənası): «De: “Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün bir yerə toplansalar və bir-birlərinə kömək etsələr belə, onun bənzərini gətirə bilməzlər”» (əl-İsra surəsi, 17/88).

Daha sonra Allah onlara Quran surələrinə bənzər heç olmasa on surə gətirməyi təklif etdi, lakin onlar yenə də bunu bacarmadılar. Uca Allah buyurdu:

(Mənası): «Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, onda özünüz ondan uydurulmuş buna bənzər on surə gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın”» («Hud» surəsi, 11/13).

Nəhayət, Allah onları bircə surə belə uydurmağa çağırdı, lakin bu dəfə də onlar aciz qaldılar. Uca Allah buyurdu:

(Mənası): «Əgər qulumuza nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, onda ona bənzər bircə surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi (köməkçilərinizi) köməyə çağırın. Əgər bunu edə bilmirsinizsə – heç vaxt da edə bilməyəcəksiniz – o zaman yanacağı insanlar və daşlar olan, kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzar qılın» («əl-Bəqərə» surəsi, 2/23–24).

Bütün bunlar Quranın təkrarolunmazlığını ən inandırıcı şəkildə sübut edir, çünki yaradılmışlar onlara atılan bu meydanoxumanın ən asan formasını belə qəbul edə bilmədilər. Quranın ən qısa surəsinin cəmi üç ayədən ibarət olmasına baxmayaraq, onlar Quran surələrinə bənzər bircə surə belə tərtib edə bilmədilər.

Müqəddəs Quran həm bəlağət (natiqlik sənəti), həm də daxilindəki mənalar baxımından bir möcüzədir. Peyğəmbər Muhəmməd ﷺ yazıb-oxumağı öyrənməmiş (ümmi) bir insan olmasına baxmayaraq, Uca Allah tərəfindən ona nazil edilən Quranın ən uca mənalarını insanlara çatdırmışdır.

İbn Hişam Peyğəmbərin ﷺ həyatına dair təsvirlərində qeyd edir: «İnsanların Quranı eşitmək arzusu o qədər güclü idi ki, hətta Qureyş kafirlərindən bəziləri gecələr gizlicə Peyğəmbərin ﷺ evinə yaxınlaşar və sübh açılana qədər Allah Rəsulunun ﷺ ifasında Quranın möhtəşəm qiraətini dinləyərdilər. Və bu hadisə dəfələrlə təkrar olunmuşdu».

 

Davamı var

 

Abdulla Muhəmmədov əl-Kilyatli

2026-06-01 (Зул къагIида 1447 г.) №6.


Qurandakı qiraət fərqlərinin tarixinə dair (Qiraətlərin ön tarixçəsi)

(Dаvаmı. Bаşlаnğıcı әvvәlki nömrәmizdә).   Diqqətəlayiq haldır ki, bu on imamın bir çoxu səhabələri şəxsən görən və qiraəti birbaşa onlardan öyrənən tabiinlər nəslinə mənsub idilər.   Aşağıda Quranın on kanonik qiraət imamının adlarını təqdim edirik: Nafi...


Ајаг алтынын јасты олмасы (ајаг нөгсаны): һәр аддымда сағламлығы неҹә горумалы

Һәр бир инсанын доғуланда мүәјјән ајаг нөгсаны олур, лакин јаш кечдикҹә бу вәзијјәт тәдриҹән нормаллашыр. Буна бахмајараг, бәзи адамларда ајаг јастылығы гала вә инкишаф едә биләр.   Ајаг јастылығы – ајаг алтынын јасты вә ја гисмән јасты олмасыны ајаг алты пәнҹәнин деформасија олмасы...


Пис јуху

Бу ҝүн Мaрaт үчүн чox ҝəрҝин бир ҝүн иди. Бaғчaдa шəнлик кeчирилмишди вə o, чox һəјəҹaнлы иди, чүнки бaш рoллaр oнa вə дoстунa вeрилмишди. Лaкин oнлaр бу ишин өһдəсиндəн əлa ҝəлдилəр.   Ҝүн чox aктив кeчмишди. Aнaсынын əлиндəн тутуб eвə гaјыдaркəн oғлaн ушaғы: «Нəһaјəт ки, бу ҝүн...


Һaмилəлик – сoнсуз севҝинин јолудур

Һaмилəлик гaдын һəјaтынын əн һeјрəтaмиз вə eјни зaмaндa əн чəтин дөврлəриндəн биридир. Тиббин бүтүн нaилијјəтлəринə, мүaсир ҹиһaзлaрa вə рaһaтлығa бaxмaјaрaг, бу јoлу сoнaдəк јүнҝүллəшдирмəк гeјри-мүмкүндүр. Бу, гaдын бəдəнинин, зəкaсынын вə руһунун јeни бир һəјaт јaрaтмaг үчүн вaһид ритмдə...


Quran – Muhəmməd ﷺ peyğəmbərin ən böyük möcüzəsidir

İslamda «Möcüzə» anlayışı   İslamda möcüzələr peyğəmbərliyi təsdiq edən amillərdən biridir. Möcüzələr Allahın ucalığına və Onun istədiyi hər şeyi yaratmağa qadir olduğuna şəhadət edir. Onlar peyğəmbərlərin və rəsulların yolunun haqq olduğunu, Allahın səmimi bəndələrinin isə salehliyini...