Cəhənnəmə gedən yol yaxşı niyyətlərlə döşənmişdir
Övladlarımızı sevdiyimizi, onların qayğısına qaldığımızı düşündüyümüz halda, nə qədər tez-tez onlar üçün Cənnəti deyil, Cəhənnəmi seçirik? Halbuki övlad sevgisi onu Cəhənnəmə aparan yola yönəldə bilməz. Əks halda bu, sevgi deyil.
Əgər övladlarımız bizim seçimimizə görə əziyyət çəkirlərsə, bu, sevgidirmi? Axı övladlarımızın yolunun təməlini hələ uşaqlıqdan məhz biz valideynlər qoyuruq.
Bu yaxınlarda bir qadın mənə öz hekayəsini danışdı. O, uşaqlarını sübh namazına oyatmırmış. Bir çox analar kimi, bunun onlar üçün xeyirli olduğunu düşünərək onlara rəhmi gəlirmiş. Lakin bir nəfər ona belə deyib: «Bax, biz bilirik ki, Cənnət və Cəhənnəm var. Və hamımız öləcəyik. Sən isə öz övladların üçün Cəhənnəmi seçdin».
Hər şey bu qədər bəsitdir... Görəsən, biz həyatımız boyu səhv seçimlər edərək bu cür neçə xəta törədirik? Övladlarımız üçün cəhənnəm əzabını seçərək, onları necə də yanlış yollara sövq edirik. Qızlarımıza hicab bağlamağı öyrətmirik. Oğlan uşaqlarına rəhmimiz gəlir deyə, onları əməyə, zəhmətə alışdırmırıq. Böyüdükləri zaman onlara işləməyə icazə vermirik. Qızlara ləzzətli yeməklər bişirməyi, ev təsərrüfatını qənaətlə idarə etməyi, qayğıkeş həyat yoldaşı və ana olmağı öyrətmirik. Oğlanlara isə xanımlarının qədrini bilməyi və onlara hörmət etməyi aşılamırıq. Onlara sadiq, sevgi dolu bir ər və ata olmağı öyrətmirik.
Bəs onlar böyüyəndə kim olacaqlar? Öz ailələrinə nə verə biləcəklər?
Əvvəllər yemək bişirməyi bacarmayan qızı ərə vermək ayıb sayılırdı. Qıza yaxşı ev xanımı olmağı öyrətmək təbii bir hal idi. Oğlan isə ailəsinin ruzi qazananı olmalı idi və onu buna hazırlayırdılar, çünki bir qadının hesabına yaşamaq (alfons olmaq) alçaldıcı bir hal idi.
İndi isə hər şey dəyişib. Qızlar ucadan bəyan edirlər ki, yemək bişirməyi bacarmırlar, deməli, bişirməyəcəklər də; oğlanlar isə qadın himayəsində olduqları üçün fəxr edirlər. Təsəvvür edin, o, nə ailəsini, nə də özünü təmin edə bilir və bununla qürur duyur! Doğrudan da böyük "istedaddır" — heç nə etməmək!
Bəs onu belə kim tərbiyə edib? Ata və anası.
Əlbəttə, uşaqlara ətraf mühit, dostlar da təsir edir, lakin bir çox ailələrdə valideynlər özləri buna şərait yaradır və sevimli oğullarını bu yola yönəldirlər. Mən bir gənc qadın tanıyıram ki, qayınanası açıq-aşkar oğlunun mümkün qədər az işləməli olduğunu, gəlinin isə daha çox növbəyə qalmalı olduğunu deyirdi. Onun oğlu toyundan sonra uzun müddət ümumiyyətlə işləmədi. Sağlam, qoluzorlu bir kişi evdə oturub işdən gələn arvadını gözləyirdi ki, arvadı ağır iş günündən sonra gəlib onu yedirtsin, paltarlarını yusun və s.
Burada ananın oğluna olan sevgisi haradadır? Qiyamət günü ailəsini dolandırmadığına görə (hansı ki, bu onun vəzifəsidir) cavab verməli olduqda, o, özünə bəraət qazandırmaq üçün nə deyəcək? Doğrudanmı biz bu dünyada yaşayarkən bunu anlaya bilmirik? Övladlarımız üçün Cəhənnəm yolunu seçdiyimizi dərk etmirikmi? Axı bu sevgi deyil, əksinə, sevginin yoxluğudur.
Aişədən rəvayət olunur ki, Allah Rəsulu ﷺ belə buyurmuşdur:
« Sizin ən xeyirliniz ailəsinə (xanımına) qarşı ən xeyirli olanınızdır. Mən də ailəsinə qarşı ən xeyirli olanınızam ». (Tirmizi, 3895)
Məgər bu sözlər bizə kifayət deyilmi?
Hər bir valideynə övlad bir "əmanət" olaraq verilir və valideyn onu cəmiyyətə, hər şeydən əvvəl isə öz ailəsinə faydalı olacaq şəkildə tərbiyə etməyə borcludur. Çünki o, öz ailə üzvlərinə görə məsuliyyət daşıyır.
Əgər mən yoldaşım və övladlarım üçün yemək hazırlamasam, bunu mənim əvəzimə kim edəcək? Biz bunun qadının vəzifəsi olmadığını deyə bilərik, lakin iş günündən sonra evə dönən həyat yoldaşını boş qazanla qarşılamaq üçün insan nə qədər ağılsız olmalıdır? Bəs övladlarımız? "Bu bizim vəzifəmiz deyil" deyərək onları da ac qoyacağıq?
Unutmayın ki, bu dünyadakı məqsədimiz nəfsimizin deyil, Uca Allahın rızasını qazanmaqdır! Tənbəllik isə insanı xeyirə aparmaz. Bəli, bəzən biz çox yoruluruq, lakin xatırlayın ki, insanların ən xeyirlisi olan Peyğəmbərimiz Məhəmmədin ﷺ qızı Fatimə də ev işlərindən yorulurdu. Atası ﷺ onu sevdiyi üçün, hər nə olursa olsun, həyat yoldaşının rızasını qazanmağı ona öyrədirdi. Bax, əsl sevgi budur — övladlarına Cənnətə aparan yolla getməyi öyrətmək!
Valideynlər övladları üçün qorxduqlarından onları az qala qocalana qədər himayə edirlər. Nəticədə isə onlar iradəsiz, müstəqil qərar verməyi bacarmayan insanlara, əslində isə böyüməyən uşaqlara çevrilirlər.
Onlar valideynləri olmadan yaşamağı bacarmadıqları üçün ömür boyu əziyyət çəkirlər. Bu isə dəhşətlidir. Axı valideynlər çox vaxt övladlarından əvvəl dünyasını dəyişirlər. Övladlar isə onlarsız necə yaşamaq lazımdır, bilmirlər. Onlar öz potensiallarını reallaşdıra bilmirlər. Qabiliyyətləri isə üzə çıxmamış qalır. Amma nəyə lazımdır axı? Onsuz da hər şeyi onların əvəzinə edəcək və hər şeyi hazır şəkildə onlara təqdim edəcəklər...
Lakin dolğun bir həyat sürmək, dərindən nəfəs almaq üçün insan öz üzərində çalışmalıdır. Peşə sahibi olmaq üçün oxumalı, peşəkar olmaq üçün isə zəhmət çəkməlidir. Daim böyüməlidir. Öz qabiliyyətlərinin tələb olunduğunu və fayda verdiyini dərk etmək insana böyük bir məmnuniyyət hissi bəxş edəcəkdir. Bu — heç bir maneəyə bağlı olmadan uçmağı öyrənmək, hədəfinə doğru qətiyyətlə və dəqiq addımlamaq, hər şeyin alındığını və artıq bir peşəkar olduğunu anlamaq deməkdir.
Siz sadəcə «ana uşağı» (ərköyün) və «öz işinin peşəkarı» anlayışlarını müqayisə edin — onları necə də dərin bir uçurum ayırır. Və buna çox vaxt biz qərar veririk! Oğullarımızın kim olacağına biz qərar veririk, onlara kim olmağı biz məsləhət görürük. Onlara bunu biz öyrədirik. Biz — valideynlər.
Sevgi — övladlarımızı o dünyada əbədi səadətə aparan amildir. Baxmayaraq ki, bu dünyada onlara bəzən çətin ola bilər. Lakin bizim üçün əsas olan nəticədir və seçim bizimdir. Övladlarınızı həqiqi sevgi ilə sevin! Onlar da ölümdən sonra Cənnətdə olmaq istəyirlər.
Hamıya sülh və xeyir arzulayıram!