Günah edirik və yenidən günaha qayıdırıq…
(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).
Tövbə haqqında
İnsan hansısa evdə günah işlədikdə, həmin evin damının Yaradanından onu uçurub həmin insanın üzərinə düşməsinə icazə verməsini istədiyi bildirilir. Əgər insan açıq səma altında günah işləyərsə, bu dəfə yer Allahdan həmin insanı udmaq üçün yarılmasına icazə verməsini istəyər.
Uca Allah isə belə buyurar:
“Qulumu rahat buraxın. Çünki o, etdiyi günahdan tövbə edə bilər.”
Sonra Uca Allah göyə və ya yerə belə buyurar:
“Əgər siz onu yaratmış olsaydınız, belə danışmazdınız.”
İnsanın hər iki çiynində bir mələk vardır. Sağ çiyindəki mələk yaxşı əməlləri dərhal yazır. Sol çiyindəki mələk günah yazmaq istədikdə isə ona gözləməyi əmr edir.
Əgər insan altı saat ərzində etdiyi günahdan tövbə edərsə, həmin günah onun üçün yazılmaz. Əgər tövbə etməzsə, günahı bir günah olaraq yazılar. Yaxşı əməl isə on qat savabla yazılar.
Ey müsəlmanlar! Allahın mərhəmətinin böyüklüyünə diqqət yetirin!
Ömrünün böyük hissəsini günah içində keçirən insan belə, Allahın rəhmətindən ümidini üzməməlidir. Tövbəyə utanmaq və ya “mənim tövbəm qəbul olunmaz” düşüncəsinə qapılmaq şeytanın hiyləsidir.
Tövbə qapıları ölüm anına qədər açıqdır. Lakin insan ölümün son anlarına çatdıqda artıq tövbəsi qəbul olunmaz. Günəş qərbdən doğduqda isə tövbə qapılarının bağlanacağı bildirilir.
Buna görə tövbə haqqında nə qədər danışsaq da, yenə azdır.
Tövbənin şərtləri
Uca Allah tərəfindən qəbul ediləcəyinə ümid verən səmimi tövbənin əsas şərtləri bunlardır:
- Günahı dərhal tərk etmək və keçmiş günaha görə peşman olmaq.
- Yalnız Uca Allahın rizası üçün həmin günaha bir daha qayıtmamaq barədə qəti niyyət etmək.
- Vaxtında yerinə yetirilməmiş namaz, oruc, zəkat və digər vacib ibadətlərin qəzasını yerinə yetirməyə başlamaq.
Əgər günah başqasının haqqının pozulması ilə bağlıdırsa:
- Vurulmuş maddi və ya mənəvi zərəri ödəmək və ya aradan qaldırmaq.
- Haqqı tapdanmış insanın razılığını əldə etmək.
Əl-Mavərdi demişdir:
“Günahlardan, hətta kiçik günahlardan belə, dərhal tövbə etmək vacibdir. Kim tövbəni sabaha təxirə salsa, onu təxirə saldığı üçün günaha düşər.”
Şeyx İzzəddin ibn Əbdüssəlam isə bildirir ki, insan əvvəlki günahından tövbə etməyə kifayət edəcək qədər vaxt keçirdikcə, tövbəni gecikdirdiyinə görə yenidən günaha düşmüş olur.
Əl-Qadi Əbu Bəkr əl-Baqillani demişdir:
“İnsan etdiyi günahı hər xatırladıqda, həmin günahdan yenidən tövbə etməlidir, hətta daha əvvəl ondan tövbə etmiş olsa belə.”
İbn Əbdüssəlam həmçinin qeyd edir ki, insan imkan daxilində bütün günahlarını nəzərə alaraq tövbə etməlidir; insanın gücü çatmayan bir şey isə ondan tələb olunmur.
Beləliklə, günahlar iki əsas kateqoriyaya bölünür: Uca Allah qarşısında olan borclar və insanların haqları.
Uca Allah qarşısında olan borclar
Bu halda səmimi peşmanlıq duymaq və günahı tərk etmək əsasdır. Lakin bəzi günahlarda bununla kifayətlənmək olmaz. Vaxtında qılınmamış namazlar qəza edilməli, tutulmamış oruclar tutulmalı, bəzi hallarda isə kəffarə verilməlidir.
Əgər günah Allahın əmrlərindən birinin pozulması ilə bağlıdırsa — məsələn, cünub halda məsciddə qalmaq, dünyəvi söhbətlərlə məşğul olmaq, dəstəmazsız Qurana toxunmaq, haram musiqi alətlərində ifa etmək, spirtli içki içmək və ya zina etmək — və bu əməllə başqa bir insana zərər dəyməyibsə, səmimi tövbə etmək kifayətdir.
Belə günahları insanlara açıqlamaq və özünü ifşa etmək vacib deyil. Günahkar insan Allahdan bağışlanma diləməli, xüsusilə sübhə yaxın vaxtlarda dua etməli və saleh yolda daha böyük səy və təvazökarlıqla davam etməlidir.
Lakin insan etdiyi günahı imama bildirər və buna görə şəri cəzanı qəbul edərsə, bunda da qəbahət yoxdur. Peyğəmbərin səhabəsi Məiz ibn Malik belə etmişdir.
Heyvanlara qarşı edilən zülm də tövbə tələb edən əməllərdəndir. Onları öldürmək, səbəbsiz yerə döymək, üzlərinə vurmaq, gücləri çatmayan işlərə məcbur etmək və onlara pis qulluq göstərmək kimi əməllərdən səmimi şəkildə tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır.
İnsanların haqları ilə bağlı günahlar
İnsanlara zərər vurmaq və ya onlara qarşı ədalətsizlik etmək müxtəlif formalarda ola bilər: maddi zərər vurmaq, mənəvi zərər yetirmək, bədən xəsarəti yetirmək, insanı öldürmək, ər-arvada xəyanət etmək, möminlərin dini hisslərini təhqir etmək və s.
Belə günahlarda yalnız “Allahdan bağışlanma diləyirəm” demək kifayət etmir. İnsan həm Allaha qarşı tövbə etməli, həm də pozduğu haqqı mümkün qədər bərpa etməlidir.
Çünki tövbə yalnız dillə deyilən bir söz deyil. Həqiqi tövbə insanın günahdan dönməsi, peşman olması və davranışını dəyişməsi ilə özünü göstərir.