Axirət həyatının ətraflı təsviri: Ölümdən sonra bizi nə gözləyir?
Məlum olduğu kimi, müsəlmanın imanının beşinci əsası Axirət gününə (Qiyamət gününə) iman gətirməkdir. Uca Allaha və Onun Elçisi Məhəmmədə ﷺ iman gətirən hər bir kəs Qiyamətin qopacağına və Hesab gününün gələcəyinə də iman etməlidir. Çünki bu barədə Uca Allah Qurani-Kərimdə xəbər vermiş, Onun Elçisi ﷺ isə bunu bizə bildirmişdir. Bu iki mənbədə yalan və ya etibarsız heç bir məlumat yoxdur. Bütün müsəlmanlar buna qəti şəkildə inanmalı və buna sarsılmaz etiqad bəsləməlidirlər.
Uca Allah insan üçün beş həyat mərhələsi müəyyən etmişdir: Birinci - ruhlar aləmindəki həyat; ikinci - ana bətnindəki həyat; üçüncü - bu dünyadakı həyat; dördüncü - qəbirdə və Bərzəx aləmindəki həyat (Bərzəx – ölümündən sonra Qiyamət gününədək ruhların qaldığı və gözlədiyi aləmdir); beşinci - qiyamət günündən sonrakı əbədi həyat – Cənnətdə və ya Cəhənnəmdə qalmaq.
Bu dünya həyatı insan üçün bir imtahandır və bu imtahanın nəticəsi onun əbədi axirət həyatını müəyyən edəcəkdir. Qiyamət gününə iman gətirmək imanın əsaslarından biridir və insanın bu dünyada etdiyi bütün əməllərə görə məsuliyyət daşımasını tələb edir. Buna görə də Qurani-Kərimdə Qiyamət gününə iman çox vaxt Uca Allaha imanla yanaşı zikr edilir. Məsələn, Uca Allah buyurur: Mənası: «Allaha və Axirət gününə iman gətirib saleh əməllər işləyənlərin mükafatı Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə də çəkməyəcəklər.” (“əl-Bəqərə” surəsi, 62-ci ayə)
Qiyamətin nə vaxt baş verəcəyi nə Qurani-Kərimdə, nə də hədislərdə açıq şəkildə bildirilməmişdir. Yalnız onun kiçik və böyük əlamətləri bizə xəbər verilmişdir.
Qiyamətin yaxınlaşmasının bəzi kiçik əlamətləri bunlardır:
1) Cahillik geniş yayılacaq, dini biliklər azalacaq, insanlar açıq-aşkar spirtli içkilər içəcək və zina edəcəklər.
2) İnsan həyatı dəyərsizləşəcək, qətllər adi hala çevriləcək.
3) Ədalət demək olar ki, aradan qalxacaq, halal və haram anlayışları unudulacaq.
4) Valideynlərə itaət azalacaq, qadınlara itaət isə artacaq.
5) Alqı-satqıda çəki və ölçüdə aldatma geniş yayılacaq və hamı bundan şikayət edəcək.
6) İnsanlara hörmət son dərəcə azalacaq, nəsihətlərə qulaq asılmayacaq.
7) Şəhərlərdə köçkünlərin və qaçqınların sayı artacaq, binalar hündürləşəcək (çoxmərtəbəli olacaq), ləyaqətsiz insanlar hörmət qazanacaq və söz sahibi olacaqlar.
8) Falçılıq və qumar hər yerə yayılacaq.
9) Zaman çox sürətlə keçirmiş kimi görünəcək.
10) İsrafçılıq artacaq.
11) İnsanlar axirətdən daha çox dünya nemətlərinə və dünya mükafatlarına üstünlük verəcəklər.
Bunlardan başqa da Qiyamətin yaxınlaşmasının çoxlu kiçik əlamətləri vardır. Hədislərdə xəbər verilən bu əlamətlərin hamısının artıq gerçəkləşdiyi bildirilir.
Qiyamətin böyük əlamətləri də vardır:
1) İmam Mehdi zühur edəcək və bütün yer üzünü ədalətlə dolduracaq.
2) Dəccal (yalançı Məsih, Antixrist) meydana çıxacaq.
3) Peyğəmbər İsa yer üzünə enəcək.
4) Yəcuc və Məcuc tayfaları yer üzünə yayılacaqlar.
5) Dəbbətül-Ərd (yer üzündən çıxacaq böyük bir məxluq) zühur edəcək.
6) Günəş qərbdən doğacaq.
7) Duman (duxan) meydana çıxacaq və qırx gün davam edəcək.
8) Hicaz tərəfdən (indiki Səudiyyə Ərəbistanının Hicaz bölgəsindən) böyük bir od çıxacaq.
9) Qurani-Kərimin məzmunu (insanların qəlblərindən və mushəflərdən) göylərə qaldırılacaq.
10) Kəbə dağıdılacaq.
Qurani-Kərim və hədislər bizə xəbər verir ki, bütün insanlar öləcək və onların ruhlarını bədənlərindən ölüm mələyi Əzrail ayıracaq. (Əzrail böyük mələklərdən biridir. Uca Allah ona insanların ömür müddəti başa çatdıqda onların ruhlarını bədənlərindən almağı tapşırmışdır.)
Səmimi iman sahibi olan möminlər üçün bu fani dünyadan ayrılmaq asan olacaq. Lakin günahkarlar üçün ölüm çox ağır və dəhşətli bir sınağa çevriləcək. Hədisdə buyurulur ki, insan üçün bədəninin qılıncla parça-parça doğranması belə, ölümün ağırlığını çəkməkdən daha yüngüldür.
Ölümü asanlıqla qarşılamaq üçün Uca Allahın əmrlərinə mümkün qədər dəqiq əməl etməyə, qadağalarından çəkinməyə və Ondan tez-tez bağışlanma diləməyə çalışmaq lazımdır.
Dəfn başa çatdıqdan sonra Münkər və Nəkir adlı iki mələk qəbrə gələrək ölən şəxsi sorğu-suala çəkəcəklər. Onlar ondan soruşacaqlar: “Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir?” İmam əl-Buxari və İmam Müslim Ənəsdən (Allah ondan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər ﷺ buyurmuşdur: “Allahın bəndəsi dəfn edildikdən və onu dəfn edənlər qəbirdən uzaqlaşdıqdan sonra, o onların ayaq səslərini eşidər. Bu zaman iki mələk onun yanına gələr, onu oturdar və soruşarlar: “Məhəmməd ﷺ haqqında nə deyirdin?” Əgər o mömin olmuşdursa, belə cavab verər: “Şahidlik edirəm ki, o, Allahın qulu və Elçisidir.” Onda mələklər ona deyərlər: “Cəhənnəmdəki yerinə bax. Allah onu sənin üçün Cənnətdəki bir yerlə əvəz etmişdir.” Sonra ona hər iki yer göstərilər. Əgər o, kafir və ya münafiq olmuşdursa, sorğuya belə cavab verər: “Bilmirəm. Mən insanlar nə deyirdilərsə, onu deyirdim.” Mələklər ona deyərlər: “Nə bildin, nə də doğru cavab verdin.” Sonra onun iki qulağı arasına dəmir çəkiclə zərbə endirərlər. O elə dəhşətli bir fəryad çəkər ki, onu insanlardan və cinlərdən başqa ətrafdakı bütün məxluqlar eşidərlər.” (əl-Buxari, Müslim)
İnsanın bu dünyada etdiyi əməllərdən asılı olaraq, qəbir bəziləri üçün Cənnət bağlarından bir bağ, digərləri üçün isə Cəhənnəm çuxurlarından bir çuxur olacaq.
Davamı var