Bəyənilməyən xüsusiyyətlər

Şöhrət düşgünlüyü
Şöhrətpərəstliyin mahiyyəti
Bil ki, pisliklə əmr edən nəfs şöhrətpərəstliyə meyilli yaradılmışdır. Daima başqalarından üstün olmağa çalışır və arzu edir ki, bütün varlıqlar ona ehtiyac duysun, əmr və nəhylərinə tabe olsunlar. Özü isə başqalarından asılı olmasın. Bütün bunlar da nəfsin Üluhiyyətliyə (Allahlığa) iddiası, Xaliqinə ﷻ şəriklik etməsi sayılır. Əgər nəfs arzu etdiyinə çatmazsa qudurmuş itin misalına oxşayar, yoluna çıxan hər kəsə zərər verər.
Şöhrətpərəstliyin müalicəsi
Sədaqətli dostum, sən bil ki, bizlər həmişə zəlilliyi və fağırlığı üstün seçməli, təvazökar olmalı, Haqqa ﷻ sığınmalı və daima boynu bükük olmalıyıq. Übudiyyətin (qulluğun) vəzifələrini yerinə yetirməli, Şəriətin hüdudlarını qorumalı,
Peyğəmbərimizin ﷺ üstün sünnətini yerinə yetirməli, xeyirxah işlər görərkən təmiz niyyətli olmağa çalışmalı, daxilən təmizlənməli, zahirən təslimiyyətimizi göstərməli, öz eyiblərimizi görməli, günahlarımızın bizləri üstələdiyini görməli, məşhur olmaqdan və xalq tərəfindən qəbul olunmaqdan qaçmalıyıq. Peyğəmbərimiz ﷺ deyib: “Allah tərəfindən qorunan şəxsdən başqa, dininə və dünyasına görə xalq arasında barmaqla göstərilməsi bir şər olaraq insana bəsdir”. Bizim imam İbn Məşiş deyib: “Qəlbini həddən artıq dünya malını, qadınları, məşhur olmağı sevməkdən və nəfsin pis şəhvani istəklərindən qoru. Allahın sənə bəxş etdiyi qismətdən razı qal”.
Nəfsin səni əsla hiylə edərək aldatmasın. Güya ki, məşhur olmaq istəyin bu dinə kömək etmək və Allahın ﷻ kəlamını üstün tutmaq üçündür. Din məsələsi – Allahın ﷻ məsələsidir. Allah ﷻ bu dinə dəstək verər və ucaldar. Necə ki, Özü bu dini qorumağı üzərinə götürüb. Üca Allah ﷻ “Tövbə” surəsinin 32 – ci ayəsində belə deyir: “Onlar Allahın nurunu (dəlillərini, islam dinini) ağızları (sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) zahir edər, tamamlayar”. Bu o deməkdir ki, zalımlar Allahın ﷻ qüdrətinin əzəmətini göstərən dəlilləri və şəriətini sözləri ilə məhv etmək istəyirlər. Söz yox ki, Uca Allah ﷻ kafirlər istəməsələr də bu müdrik şəriətin nurunu zahir edəcək.
Qəzəbin səbəbi (kökü, mənşəyi)
Ey oğul, insanların qəzəblənmələrinə səbəb kainatda baş verənlərin əsl failinin Allah ﷻ olduğunu bilməmələri və əməlləri özlərinin yaratdıqlarını düşünmələridir. Nəfsin anadangəlmə iki ayrılmaz zati sifəti var: birincisi – həvəs, ikincisi – qəzəb. Həvəsdən hərislik, şəhvət, tamahkarlıq, dünya sevgisi, bitmək bilməyən arzular və bu kimi başqa xüsusiyyətlər, qəzəbdən isə kibir, özünü bəyənmək, ədavət, paxıllıq, kin və bu kimi digər qəbih, pis xasiyyətlər yaranır. Buna baxmayaraq nəfsi qoruyan da elə bu iki ayrılmaz sifətdir. Necə ki, həvəs insanın uzərinə mənfəəti cəlb edir, eləcə qəzəb insandan zərərli təhlükələri uzaqlaşdırır. Əgər nəfs, bu iki sifətdən tamamilə əl çəkərsə, insanı kamilliyə aparmaz, əksinə nöqsan gətirər. Ancaq bu iki sifətin nəfs üzərində güclənməsi də insanın ağlına və imanına ziyan və nöqsan gətirər. Nəfsi tərbiyə edərək bu məsələdə orta (mötədil, ifrat – təfridsiz) həddə gətirmək Peyğəmbərimizdən ﷺ gələn təsəvvüf təriqətinin qaydalarından sayılır. Ona görə ki, tərbiyə ilə insan nəfsinin pis xasiyyəti yaxşısı ilə, nəfs həvəsi Allah ﷻ sevgisi ilə, şəhvət iffətlə(namus, ismət, həya) əvəz olunur. Başqa pis xasiyyətlər də bunun timsalındadır.
Əməllərin cürbəcür təsvirlərlə əks etdirilməsi
İnsanın bütün əməlləri və xasiyyətləri nəfsində birləşib, qəlbində yerləşir. Bunlara daxili qüvvə deyilir. Bərzəx aləmində bunların hamısı müxtəlif surət və cürbəcür şəkil misalında zahir olacaq. Beləliklə, onların hansının nurani, hansının zülmani olduğunu ayırd edə bilməliyik. Onları bu cür ayırd etmək olar: – əgər bir insanda Allahа ﷻ qarşı sevgi – məhəbbət və Onun ﷻ razılığına nail olmaq istəyi üstünlük təşkil edərsə, ona bu əməllər yuxusunda təsbehin (Allaha edilən ibadətin bir növü), zikrin, ibadətin, itaətin, sidqin, sədaqətin, təqvanın (Allhdan qorxmaq), ləl – cəvahir, cənnətdə huri qızların və cənnət xidmətçilərinin surətlərini görər, ona alma, üzüm, dadlı, içməli sular və qarpızın (onlara bənzər şeylərin) surətində zahir olarlar. İnsana şəhvət, qəzəbin şiddəti üstün gələrsə, ona bu əməllər yuxusunda donuz, tülkü, öküz, ilan və buna oxşar heyvanların surətində göstərilər. İnsanda kibr qalib gələrsə yuxusunda o öz əksini şir, pələng, bəbir və bu kimi yırtıcı heyvanlarda görər. Yox, əgər hərislik, simiclik sifətləri qalib gələrsə, yuxusunda ona bu xasiyyət əqrəb, hörümçək və bu kimi digər surətlərdə zahir olar. Bu surətlərin xəyalı və görünməsi yuxuda da, real həyatda da ola bilər.
Nəfsi təzkiyə yoluna qədəm qoymuş salik (yolçu) başlanğıcda yuxuda özünü yırtıcılarla, vəhşi heyvanlarla sonra çibin, milçək kimi həşəratlarla mübarizə etdiyini və döyüşdüyünü görər. Bu da onun nəfsi ilə mübarizə etdiyini və onu (riyazət) tərbiyə yolu ilə məğlub etməsinə işarə edən bir dəlildir. Əvvəlcə zərəri böyük olanları sonra zərəri kiçik olanları məğlub edir.
Qəzəblənən zaman nə etmək lazimdir
İnsan hirsləndiyi vaxt əsla haqqın, doğrunun çərçivəsindən kənara çıxmadan “Sizlərdən biriniz hirslənən zaman sussun” deyən Peyğəmbərin ﷻ arxasınca getməlidir. “Və dəstəmaz alsın ona görə ki, qəzəb oddur odu da su söndürər” deyə bu haqda Allah Rəsulu ﷺ xəbər verir. İnsan hirsləndiyi zaman ehtiyatlı olsun ki, qəzəbi onu xoş sayılmayan işlər etməyə gətirib çıxarmasın, onu haqqdan, ədalətdən yayındırmasın. Qoy Peyğəmbərimizin ﷺ bu sözlərini yaddan çıxarmasın:
“Üç əməl var insanı xilas edir və üç əməl də var insanı həlak edir. İnsanı xilas edən əməllər – gizlində və aşkarda, Allahu Təalədən qorxmaq, qəzəbləndiyində də, razı olduğun zaman da haqqı demək, yoxsulluqda və varlıqda orta yolda olmaqdır. Məhv edən əməllər –tabe olduğu simiclik, ardınca getdiyi ehtiras və insanın öz fikrini bəyənməsi başqa rəvayətdə – “özünü bəyənməsi”dir. Bu da o deməkdir ki, Allah ﷻ bəndəsi gərək Allahın ﷻ əxlaqlarından özünə əxlaq seçsin. Allah Pəsulunun ﷺ dediyi kimi: “Allahın əxlaqı ilə əxlaqlanın – nəfsi üçün qəzəblənməmək və intiqam, qisas almamaq kimi. Allah ﷻ necə ki, Zatı üçün qəzəblənmir”. Allah ﷻ əgər Zatı üçün qəzəblənmiş olsaydı bir göz qırpımında bütün insanları məhv edərdi.
Qeybət və sözgəzdirmənin məğzi
Sən bil, Allah ﷻ sənə tövfiq versin, Peyğəmbər ﷺ deyib: “Qeybət – qardaşın haqda onun xoşuna gəlməyən şeyi sənin söyləməyindir”. Bu zaman biri sual verdi ki, “Ey Allah Rəsulu r, əgər söylədiklərim onda varsa necə?” O: “Əgər söylədiklərin onda varsa, qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) atmış olursan” – cavabını verdi . Amma söz gəzdirmək – insanlar arasında fitnə salmaq üçün aralarında söz gəzdirmək, xəbərçilik etməkdir. Dinimiz bundan qorunmağımızı buyurub. Axı Allah Pəsulu ﷺ deyib: “Sizlərdən Allahın ən cox qəzəbinə gələni, qardaşları bir – birindən ayıraraq onların arasında sözgəzdirənidir”.
Qeybət və sözgəzdirmənin təhlükəsi
Həqiqətən qeybət və sözgəzdirmək çirkin sifətlərdən sayılır. Bunlar mənəvi nəcasət adlanır. Görülən nəcasətlə Allaha ﷻ ibadət edərək yaxınlaşmaq mümkün olmadığı kimi, bununla da Allaha ﷻ yaxın olmaq qeyri – mümkündür. Mərifət (Allahı tanımaq) yoluna qədəm qoymuş mürid Allah ﷻ yolunda qalibiyyətə və Onun ﷻ razılığına nail olmaq üçün mütləq özünü bu kimi sifətlərdən uzaq tutaraq nəfsini bunlardan təmizləməlidir. Uca Allahın Quranın Əş - şəms surəsinin 9 – cu ayəsində dediyi kimi: “Nəfsini (günahlardan) təmizləyən kəs mütləq nicat tapmışdır!” Qeybət və sözgəzdirmək müridi əngəlləyən, onun yaxşılıqlarının yolunu kəsən, Allah ﷻ tərəfindən qəbul olunmağın qapılarını örtən ən təhlükəli maneələrdəndir.
İslam alimləri qeybət etmək, başqalarının eyiblərini axtarmaq və istehza etmək – alçatmaq kimi hərəkətlərin müridin əməlini heç edən, Allahın ﷻ qəzəbini tezləşdirən əməllərdən olduğunu söyləyirlər. Onları ardlarınca gələnləri, qardaşlarını alçaq görərək nöqsanlarını üzə çıxarmaqdan çəkindirirlər. Bəlkə onlar tərəfindən işlənmiş nöqsanlar bir alın yazısı olub ki, özundən razılıq və ya kibr səbəbindən dinlərində yaranmış boşluqları Allahu Təala ﷻ etdikləri səmimi tövbə ilə doldurmaq istəyib. Bunu İbn Ətailləhin (qaddasəllahu sirrahu) kəlamı da təsdiq edir: “Zillət və yalvarmağa aparan bir günah, izzət və qürura (təkəbbürlüyə) aparan itaətdən daha xeyirlidir”.
DR MÜFTISI ŞEYX ƏHMƏD ƏFƏNDININ «SALEH INSANLARIN ÜLVI ƏXLAQI» KITABI