Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Muhəmməd Peyğəmbərin ﷺ gözəl əxlaqı haqqında qısaca

Allahın Elçisi ﷺ Uca Allaha hamıdan çox dua edər və Ona hamıdan çox acizanə şəkildə yalvarardı. O, bağışlamağı bacarar və həmişə yaxşılıq etməyi əmr edərdi. Cahillərlə (nadanlarla) heç vaxt mübahisə etməzdi. Hər şeydə ədalətli olmağı, yoxsullara və ehtiyac sahiblərinə kömək etməyi, qohumluq əlaqələrini qorumağı, valideynlərə hər cür ehtiram və hörmət göstərməyi öyrədərdi.

 

Peyğəmbər ﷺ mübahisə etməz, heç kimə səsini ucaltmazdı. Onun qəzəb və nifrətinə yalnız Allahın dininə zidd olan şeylər səbəb ola bilərdi, öz şəxsi mənafeləri üçün isə heç vaxt qəzəblənməzdi. Həmişə doğrunu danışar, insanları söyüşdən, qeybətdən, böhtandan və yalandan çəkindirərdi.

Allahın Elçisi ﷺ təmizqəlbli idi, daim insanların qayğısına qalar, hər zaman pak və xeyirli niyyətlər daşıyardı. Səmimi olar, tez-tez gülümsəyər, lakin heç vaxt uca səslə qəhqahə çəkib gülməzdi. Pis əxlaqi xüsusiyyətləri qınayar, gözəl əxlaqı sevərdi. Tək qaldıqda isə çox təfəkkür edər və (axirət üçün) qəmgin olardı.

 

Peyğəmbər ﷺ insanların ən təvazükarı idi və təkəbbürdən tamamilə uzaq idi. İnsanlarla ünsiyyətdə elə xoşrəftar idi və onlarda özünə qarşı elə bir rəğbət oyadırdı ki, hər bir müsahibinə elə gəlirdi: «Yəqin ki, onun üçün hamıdan əziz mənəm». O, ac olanı və ehtiyac sahibini doyurar, insanlara həmişə salam verər, qonşuları ilə xoşrəftar olar, yaxşılığa da, pisliyə də yaxşılıqla, köməyə isə köməklə cavab verərdi. Allahın Elçisi xəstələri ziyarət edərdi və səhabələrini ağır vəziyyətdə gördükdə onlara olan şəfqət və acımaq hissindən gözlərindən yaş axardı. İnsanların, xüsusən də yoxsulların ehtiyaclarını qarşılayar; yetimlərə, dullara, qadınlara, zəiflərə və qocalara qarşı xüsusilə mərhəmətli olardı. Zülm edən zalımlara qarşı durar, məzlumlara isə kömək edərdi. O, bircə dəfə də olsun naməhrəm (yad) qadına toxunmadı. İnsanların ən namuslusu (həyalısı) və utancaq olanı idi. Hədiyyələri qəbul edər, lakin sədəqə qəbul etməzdi (Peyğəmbərə sədəqə almaq haram buyurulmuşdu). Çox vacib olanlardan başqa bütün mal-mülkünü Allah yolunda xərcləyərdi. Hətta həyatı üçün təhlükəli olsa belə, hər zaman ədalətin və haqqın tərəfində çıxış edərdi.

 

Bəzən Allahın Elçisi ﷺ uzun müddət ac qalmalı olurdu və belə vaxtlarda qarnına yastı daş bağlayardı (bu, dik durmağa kömək edirdi). Peyğəmbər ﷺ aclığı kasıb olduğu və ya yeməyə nəsə tapmadığı üçün çəkmirdi, o, sadəcə yoxsulların qayğısına qalır və əlində olan hər şeyi onlara paylayırdı. Xoş ətirləri sevər, hüzuru isə namazda tapardı. Ailəsində mehriban və mülayim idi, ev əhli ilə şənlənər və oynayardı, azyaşlıları çox sevər, onları əzizləyər və sevindirərdi. O, səhabələri ilə birlikdə səfərdən qayıdanda uşaqlar onlara tərəf qaçardılar; Peyğəmbər ﷺ səhabələrin uşaqlarını qucağına alar, digər uşaqları da qucağa almağı başqalarına əmr edərdi. Bəzən uşaqlar arasında belə bir mübahisə düşərdi: «Allahın Elçisi məni qucağına aldı, səni isə kürəyində daşıdı», «Allahın Elçisi məni Özü qucağında apardı, səni isə başqasının qucağına almasını buyurdu». Böyüklərə hörmət edər, səhabələrini yalnız onların sevdiyi adlarla çağırar, çirkin (xoşagəlməz) adları isə gözəl adlarla dəyişdirərdi. Padşahlardan və hökmdarlardan qorxmazdı; söyüş söyməz, qadınları və xidmətçiləri danlamaz, heç kimi, hətta heyvanları belə lənətləməzdi. Mübarək əli ilə heç kimi vurmamış və özünə görə heç kimdən intiqam almamışdı.

 

Sevimli Peyğəmbərimiz ﷺ iki iş arasında seçim etməli olduqda, günah olmadığı təqdirdə həmişə asan olanı seçərdi. Günaha səbəb olan işlərdən isə hamıdan çox uzaq durardı. Heç vaxt nə yatdığı yeri (yatağını), nə də yeməyini tənqid edərdi. Əgər yemək xoşuna gələrdisə yeyər, xoşuna gəlmədikdə isə sadəcə tərk edərdi (yeməzdi). Kobud deyildi, qarşılaşdığı kəsə birinci salam verərdi. Biri ilə əl sıxıb görüşərkən dua oxuyar və qarşısındakı əlini çəkməyincə, o, əlini heç vaxt buraxmazdı. Səhabələri ilə qarşılaşdıqda onlarla əl tutub görüşərdi. Uca Allahı zikr etmədən nə oturar, nə də ayağa qalxardı. Əgər namaz qıldığı vaxt yanına kimsə gələrsə, Peyğəmbər ﷺ namazı sürətlə tamamlayar (qısaldar), həmin adamın ehtiyacı ilə maraqlanar, işini həll etdikdən sonra isə yenidən ibadətinə qayıdardı.

 

Məclislərdə özü üçün xüsusi hörmətli yer axtarmaz, boş olan yerdə oturardı. Səhabələrinin yanında heç vaxt ayaqlarını uzatmış halda oturmazdı. Əksər hallarda üzü qibləyə tərəf oturardı. Xeyirli bir işə başladıqda sağ əli ilə başlayar, yaxşı və təmiz yerə sağ ayağı ilə daxil olardı. Səhabələrinə gözəl ləqəblər verər, onların qəlbini sevindirərdi. İnsanlar üçün ən mərhəmətli, ən faydalı və ən xeyirxah olanı idi. Başqalarında qüsur axtarmaz, onlara irad tutub tənbeh etməz, əksinə, mülayim şəkildə nəsihət edərdi. İnsanların eyiblərini görməzdən gələrdi. Kiminsə pis bir iş gördüyünü eşitdikdə, Peyğəmbər ﷺ həmin şəxsin adını çəkmədən o əməlin pis olduğunu bildirər və beləliklə, insanları bəyənilməyən işlərdən uzaq durmağa təşviq edərdi.

 

Allahın Seçilmiş bəndəsi ﷺ qonaqları sevər və onlara böyük hörmət göstərərdi. Bəzən o, öz əbasını (xalatını) yerə sərər və qonağı onun üstündə otuzdurar, özü isə yerdə oturardı. Əgər qonaq bundan imtina edərdisə, o, qonaq razılaşana qədər israr edərdi. Onu dinləyənə elə gəlirdi ki, o, Peyğəmbər ﷺ üçün ən əziz və ən sevimli insandır. Müsahiblərinin hər birinə eyni dərəcədə diqqət yetirərdi. O, qəzəbdən ən uzaq olan, razılıq və məmnuniyyət göstərməkdə isə ən sürətli davranan insan idi.

 

Onun nitqi heyrətamiz şirinliyi, qısalığı və dolğunluğu ilə seçilirdi; o, insanların ən bəlağətlisi (gözəl danışanı) idi, lakin eyni zamanda uzun müddət sükut saxlamağı da bacarırdı. Zərurət olmadıqca danışmazdı. Məclislərdə bəziləri zarafat etdikdə və səhabələr güldükdə, Peyğəmbər ﷺ də onlarla birlikdə gülümsəyərdi. O susanda, digər səhabələr danışardılar. Onun məclislərində səhabələr bir-biri ilə mübahisə etməz, çəkişməzdilər. Qəzəbli olanda da, sevincli olanda da yalnız həqiqəti söyləyərdi. Pis və faydasız danışan kəsdən üz çevirərdi. Səhabələrinin üzünə gülümsəyər, onlarla məsləhətləşərdi. Məmnunluq və sevinc anlarında da insanların ən xeyirlisi idi. Onun xütbələri həqiqətən də hər kəs üçün anlaşıqlı və təsirli idi.

 

Yeməkdən əvvəl «Bismilləh» deyər, isti xörək yeməzdi. Üç barmağı ilə yeyər, bəzən dördüncüdən də istifadə edərdi. Yalnız sağ əli ilə yeyib-içər, yemək haqqında (mənfi mənada) danışmaz və onu tənqid etməzdi, içkinin (suyun) içinə üfürməzdi. Adətən ağ libas geyinər, geyinməyə sağ tərəfdən başlayardı. Yeməkdən sonra və geyinməyi tamamladıqda Allaha həmd-səna edər və dua oxuyardı. Peyğəmbər ﷺ doyana qədər yeməzdi; yerdə oturaraq və süfrə salaraq yeyərdi. O buyurardı: «Mən Allahın quluyam (bəndəsiyəm), qul kimi oturur və qul kimi yeyirəm».

 

Peyğəmbər ﷺ insanların ən səxavətlisi idi. Onun comərdliyi hərtərəfli idi. Elmləri öyrədər, mal-mülkünü Allahın dini uğrunda paylayar və bu din naminə canını fəda etməyə hazır olardı. İnsanları doğru yola yönəldər, ac olana yemək verərdi. Nadan (cahil) ondan nəsihət alar, bütün xalq ondan faydalanardı; o, insanların ehtiyaclarını qarşılayar və çətinliklərə qatlanmaqda onlara kömək edərdi. Onun səxavəti Uca Allah xatirinə, Onun razılığını qazanmaq naminə idi. Evdə bircə dinar belə qaldıqda yatmaz və onu bir ehtiyac sahibinə verməyincə evinə qayıtmazdı. Elə çox sədəqə (bəxşiş) verərdi ki, hətta hökmdarlar və padşahlar belə onun comərdliyinə heyran qalardılar. Özünə və ailəsinə heç nə saxlamadan, əlindəki sonuncu şeyi belə yoxsullara verərdi.

 

Ev işlərində ailə üzvlərinə kömək edərdi. Əgər kimsə ona bir hədiyyə gətirərdisə, o da həmin şəxsə eynisi ilə və ya daha artığı ilə qarşılıq verərdi. Təkəbbür göstərmədən hədiyyələri, hətta ən kiçik və əhəmiyyətsiz olanları belə qəbul edərdi. Əgər balaca bir qız uşağı onu çağırardısa, onunla birlikdə gedərdi və uşaq onun əlindən tutardı; o uşaq əlini buraxmayana qədər Öz əlini çəkməzdi. Əgər bir yoxsul, qul və ya kəniz onu şəhərin o biri başına belə dəvət etsəydi, ora gedər və onların ehtiyacını həll edərdi. Allah üçün qəzəbləndiyi zaman onun qəzəbinin qarşısında heç nə dura bilməzdi. Hansı çətinliklərlə qarşılaşsa da, həmişə haqqı təbliğ edər və ondan geri çəkilməzdi. Kafirlərə qarşı (mübarizədə) nə qədər ehtiyacı olsa da, digər kafirlərdən kömək istəməzdi. Şəriətə uyğun (halal) bir toy məclisinə dəvət olunduqda ora gedərdi. Xəstələri ziyarət edər, vəfat etmiş müsəlmanların cənazəsində (dəfnində) iştirak edərdi. Düşmənlərin arasında belə heç bir mühafizəçi (keşikçi) olmadan gəzərdi.

 

Bir gün Peyğəmbər ﷺ səhabələri ilə səfərdə olarkən bir qoyun kəsmək qərarına gəldilər. Onlardan biri dedi: "Mən onu kəsərəm", digəri dedi: "Mən soyub doğrayaram", Peyğəmbər isə dedi: "Mən də xırda odun yığıb ocaq qalayaram ki, əti bişirək". Səhabələr dedilər: "Ey Allahın Rəsulu, odunu biz özümüz yığarıq".

O buyurdu: "Allah özünü başqalarından üstün tutmağa çalışanı sevməz".

 

Həbəşistan kralı Nəcaşinin elçiləri Peyğəmbərin yanına gəldikdə, o özü şəxsən onlara xidmət edirdi. Səhabələr ondan icazə istəyib dedilər ki, qoy biz xidmət edək. O isə dedi: "Onlar mənim səhabələrimə hörmət və ehtiram göstərmişdilər, buna görə də mən özüm onlara xidmət etmək və qarşılıq olaraq hörmət göstərmək istəyirəm".

 

Peyğəmbərin ﷺ məclisləri sakit olardı, etimad mühitində keçərdi. Onun gözəlliyinə və vüqarına məftun olan səhabələr yanında elə sakit və hərəkətsiz oturardılar ki, başlarına quş qona bilərdi. Allah Rəsulunun sözlərinin şirinliyi və kamil mənası səhabələri valeh edərdi, onlar onu böyük həzzlə dinləyərdilər. Sevimli Peyğəmbərlərinə olan hörmətlərindən səhabələr onun üzünə düz baxmaz, yalnız oğrun-oğrun baxardılar. Peyğəmbərin iştirak etdiyi məclisdə insanlar bir-birinin üstünə qışqırmaz, səsini ucaltmazdı.

 

Səhabələrin könlünü açmaq və onları sevindirmək üçün Peyğəmbər ﷺ bəzən zarafat edərdi, lakin zarafat edəndə də yalnız həqiqəti söyləyərdi. Bir gün yaşlı bir qadın Peyğəmbərdən xahiş etdi ki, onun üçün dua etsin, Allah ona Cənnət nəsib etsin. Peyğəmbər ona dedi ki, Cənnətdə qarı qadın olmaz. Qadın ağladı, Allahın Elçisi isə əlavə etdi ki, Cənnətdə hamı cavan olacaq. Peyğəmbər ﷺ az və yığcam danışar, fikrini çox aydın ifadə edər, hər kəlməni aydın tələffüz edərdi. Özü üçün xüsusi, bahalı paltar seçməzdi, nə tapırdısa onu geyinərdi. Sağ əlinin kiçik barmağında gümüş üzük daşıyardı.

 

Peyğəmbər ﷺ dəvəyə minərdi və arxasına öz xidmətçisini də mindirərdi. Kasıblarla oturardı, onlarla birlikdə yeyərdi, xalq arasında hörmətli sayılan insanlara ehtiram göstərərdi. Qohum-əqrəba ilə yaxşı və isti münasibət saxlayardı və başqalarını da buna çağırardı. Hörmətə layiq olan insanı isə öz qohumlarından da üstün tutardı. İcazəli oyunlara və zarafatlara icazə verərdi. Peyğəmbərin xidmətçiləri və kənizləri var idi, lakin o, nə yeməkdə, nə də geyimdə onlardan fərqlənməzdi. Vaxtını yalnız Allaha ibadətə və son dərəcə zəruri işlərə sərf edərdi. Kasıbı kasıblığına görə alçaltmaz, padşahı da var-dövlətinə görə ucaltmazdı. Hakimlərdən qorxmazdı, onları kasıblardan fərqləndirməzdi, hamını eyni şəkildə Allaha imana çağırardı.

 

O ﷺ, yetim doğulmuşdu, valideynsiz böyümüşdü, savad öyrədilməmişdi, geridə qalmış bir şəhərdə böyümüşdü, gəncliyi zəhmət və qayğı içində keçmişdi, başqalarının qoyunlarını otarmışdı, amma eyni zamanda Uca Allah tərəfindən böyük bir rəhbərlik istedadı ilə bəxş edilmişdi. Uca Allah Peyğəmbəri ﷺ bütün tərifəlayiq əxlaqi sifətlərlə bəzəmiş, ona gözəl yollar açmış, əvvəlki və sonrakı nəsillərin elmlərini və hər iki dünyada nicat və səadətə aparan əməlləri öyrətmiş, vacib olana sarılmağı və lazımsız şeylərdən çəkinməyi ona bildirmişdi. Bütün bunları Uca Allah Peyğəmbərə çatdırmış, Peyğəmbər də bunu öz ümmətinə öyrətmişdir.

 

Onu düşmənlərə lənət etməsi üçün Allaha dua etməyə çağırdıqda, o cavab verdi: "Mən rəhmət olaraq göndərilmişəm, lənətçi olaraq yox". Pisliyə heç vaxt pisliklə cavab verməzdi, şəxsi düşmənlərini bağışlayar və buraxardı, ən böyük alicənablıq göstərərdi.

 

Allahın seçilmiş Elçisi ﷺ altmış üç il yaşadı. Qırx yaşında peyğəmbərlik və elçilik kimi uca vəzifəyə layiq görüldü. İyirmi üç il ərzində insanları Allahın dininə dəvət etdi, bütpərəstliyə və küfrə qarşı sözü və əməli ilə mübarizə apardı, səhabələrinə tövhidi və bütün xeyirləri öyrətdi, onlarda gözəl əxlaq tərbiyə etdi. Onun həyatının hər saatı bir gün kimi idi (bir saatda başqalarının bir gündə etdiyini edərdi), günü bir həftə kimi, həftəsi bir ay kimi, ayı bir il kimi idi.

 

Sevimli Peyğəmbər ﷺ bütün xalqlar üçün müəllim, tərbiyəçi, mürşid, şəfqətli ata, həssas dost, müjdələyici, qarşıdakı qorxudan xəbərdar edən, ədalətli, əmin, doğru qərarlar verən və Şəriəti öyrədən idi. Tək qalanda Uca Allaha ibadətlə məşğul olardı. Ailəsi ilə olanda onlarla sadə və isti davranardı. Xalq arasında olanda insanları doğru yola yönəldərdi. Onun bütün səyləri bu dünyada və axirətdə səadətə nail olmağa yönəlmişdi.

 

Əziz iman qardaşlarım! Uca Allah Qurani-Kərimdə buyurur:

 

Mənası: "Həqiqətən, Allaha və Axirət gününə iman gətirən, Allahın rəhmətinə və əbədi həyatın nemətlərinə ümid bəsləyənlər üçün Allahın Rəsulunda gözəl bir örnək vardır" (Əhzab surəsi, 21-ci ayə). Sevimli Peyğəmbərin bu ən uca keyfiyyətlərini əxz etməyə çalışmaq lazımdır. Qul bu sifətlərə nə qədər çox bənzəməyə çalışsa, Allah onu bir o qədər çox sevər, Peyğəmbərə bir o qədər yaxınlaşar və hər iki dünyada səadətin zirvələrinə çatar.

 

Uca Allah bizə bu gözəl əxlaqı qazanmağı, Peyğəmbərin ﷺ Sünnəsini diriltməyi, onun bizə əmanət etdiyi dinə möhkəm sarılmağı, onu yaymağı, Peyğəmbərə çoxlu salavat deməyi və onu sevməyi nəsib etsin. Amin!

 

“Günəşin yeddi şüası” kitabından götürülüb tərcümə olunub

Kuramuhəmməd Hacı Ramazanov

2026-07-01 (МухIаррам 1448 г.) №7.


İnsanları sınağa çəkmə!

Biz müxтəlifik. Şən və darıxdırıcı, ağıllı və o qədər də yox... Biz ümumiyyəтlə ailələrdə yan-yana necə yaşayırıq və ya kollekтivlərdə birgə necə işləyirik? Bu, həqiqəтən də mümkünsüz görünərdi, əgər Allah ﷻ bizə yola geтməyi öyrəтməsəydi.   İnsanların...


Гaфгaздa гызлaрын рoлу

Гəдим зaмaнлaрдaн бəри Гaфгaз гызы һəјaлылығы, лəјaгəти вə јүксəк əxлaгы илə сeчилмишдир. Бунун сəбəби Гaфгaздa гaдынлaрa ушaглыгдaн eтибaрəн һəјaтын дeмəк oлaр ки, бүтүн сaһəлəриндə xүсуси тəлəблəрин гoјулмaсыдыр.   Бир чoxлaры һeсaб eдир ки, Гaфгaздa гaдынлaрa кишилəрлə мүгaјисəдə...


Aллaһын мəндəн рaзы oлмaсы үчүн нə eтмəлијəм?

Мөмин үчүн əн бөјүк мүкaфaт вə тəсвирoлунмaз xoшбəxтлик Aллaһын рaзылығыдыр. Сəмими мөмин eтдији һəр бир иши Рəббинин рaзылығыны гaзaнмaг үчүн eдир.   Гијaмəт ҝүнү бүтүн əмəллəримиз бу мeјaр əсaсындa дəјəрлəндирилəҹəкдир. Əҝəр мөмин бу əмəллəри јaлныз Јaрaдaнынын рaзылығы нaминə јeринə...


Valideynlərin uşaqlardan əvvəl tərbiyə olunmasının əhəmiyyəti

Uşaqların tərbiyəsi və həyatın müxtəlif dövrlərində onlarla münasibət valideynlər üçün çoxlu çətinliklər yaradır. Çox vaxt ata və analar uşaq tərbiyəsinin ən optimal metodu barədə və onlarla münasibəti necə qurmaq haqqında...


Дoстлуғун ҝүҹү

Сəһəр Мaрaт бaғчaјa һaзырлaшырды. O, өзү илə кичик бир oјунҹaг — сeвимли xилaскaр гəһрəмaныны ҝөтүрдү.   – Oјунҹaғы бaғчaјa aпaрырсaн? – дeјə aнaсы сoрушду. – Бəли, бу ҝүн бaғчaдa oнунлa oјнaмaг вə дoстлaрымa ҝөстəрмəк истəјирəм. – Дeмəли, бу ҝүн групдaкы...