Qadını öz razılığı olmadan ərə vermək olarmı?

Qadını öz razılığı olmadan ərə vermək olarmı?

Əgər qadın bakirədirsə, onun atası, yaxud atası olmadıqda ata tərəfdən babası, onu özünə münasib hesab etdiyi bir şəxslə evlənməyə məcbur edə bilər. Lakin bunun üçün üç şərtin yerinə yetirilməsi vacibdir:

 

1) Qızla onun vəlisi (atası və ya ata tərəfdən babası) arasında, həmçinin qızla onu ərə verdikləri şəxs arasında açıq-aşkar düşmənçilik olmamalıdır.

2) Gələcək ər həmin qız kimilərinə verilən mehri ödəməyə maddi cəhətdən qadir olmalıdır.

3) Bəy və gəlin ictimai baxımdan bir-birinə uyğun (kəfəət sahibi) olmalıdırlar.

 

Qızla gələcək həyat yoldaşı arasındakı uyğunluq (kəfəət) aşağıdakı məsələlərdə olmalıdır:

 

- nəsəb baxımından.

Qız özünə layiq olan bir kişi ilə evləndirilməlidir.

 

- peşə baxımından.

Kişinin peşəsi ictimai baxımdan aşağı sayılan peşələrdən olmamalıdır. Məsələn, süpürgəçi, çoban və ya hamam nəzarətçisi dərzinin qızına uyğun sayılmır; dərzi tacirin qızına uyğun sayılmır; tacir isə alim və ya qazının qızına uyğun hesab edilmir. Lakin maddi imkan və var-dövlət bu məsələdə nəzərə alınmır.

 

- iffət və təqva baxımından.

Məsələn, fasiq (açıq-aşkar günah işlədən) bir kişi iffətli bir qıza uyğun hesab edilmir.

 

- nikahın pozulmasına əsas verən qüsurların olmaması baxımından.

Yəni, gələcək həyat yoldaşında nikahın ləğvinə səbəb ola biləcək qüsurlar olmamalıdır.

 

- azadlıq statusu baxımından.

Məsələn, kölə azad edilmiş bir qadına uyğun hesab edilmir; azad edilmiş kölə isə azad doğulmuş qadına uyğun sayılmır.

İmam ən-Nəvəvi “Minhəcut-talibin və ‘Umdətul-müftin” adlı əsərində bu barədə belə yazır: “Ata bakirə qızını onun razılığı olmadan ərə verə bilər. Lakin ondan razılıq almaq müstəhəbdir. Ancaq əvvəllər evli olmuş (bakirə olmayan) qızını yalnız onun razılığını aldıqdan sonra ərə verə bilər... Ata olmadıqda isə ata tərəfdən baba bu məsələlərdə atanın hökmündədir.”

 

Şafii məzhəbinin mötəbər alimlərindən olan İbn Həcər əl-Heytəmi, İmam ən-Nəvəvinin bu sözlərini “Tuhfətul-Muhtac” əsərində şərh edərək yazır: “Qızın razılığı olmadan bağlanan nikahın etibarlı olması üçün aşağıdakı şərtlər mövcuddur: gələcək ər qıza kəfəət (uyğunluq) baxımından layiq olmalı və onun kimi qızlara adətən verilən mehri ödəməyə qadir olmalıdır. Bu, etibar edilən (mötəməd) görüşdür və mən bunu "Şərhu-l-İrşad" adlı əsərimdə izah etmişəm. Həmçinin qızla gələcək əri arasında düşmənçilik olmamalı, eləcə də qızla atası arasında, onların yaşadığı məhəllə əhalisinə də məlum olan açıq-aşkar bir düşmənçilik mövcud olmamalıdır.”

 

Qeyd etmək lazımdır ki, bütün bu şərtlər yerinə yetirilsə belə, vəliyə (ataya və ya ata tərəfdən babaya) qızın evlənməsi barədə onunla məsləhətləşməsi və istəmədiyi bir şəxslə evlənməyə onu məcbur etməməsi müstəhəbdir.

 

Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın Elçisi ﷺ buyurmuşdur:

“Əvvəllər evli olmuş qadın onunla məsləhətləşilmədən ərə verilə bilməz. Bakirə qız da onun razılığı alınmadan ərə verilə bilməz.” Səhabələr soruşdular: “Ey Allahın Elçisi! Onun razı olduğunu necə bilək?” Peyğəmbər ﷺ buyurdu: “Onun susması ilə.” (əl-Buxari, 5136; Müslim, 1419)

 

Həmçinin Abdullah ibn Abbasdan (Allah hər ikisindən razı olsun) rəvayət olunur ki, Allahın Elçisi ﷺ buyurmuşdur: “Əvvəllər evli olmuş qadın öz barəsində vəlisindən daha çox haqq sahibidir. Bakirə qızın isə evləndirilməsi üçün ondan icazə alınmalıdır. Onun razılığı isə susmasıdır.” (Müslim, 1421; Əbu Davud, 2098; ət-Tirmizi, 1108)

 

Allahın Elçisinin ﷺ “Bakirə qız onun razılığı alınmadan ərə verilə bilməz” kəlamına əsaslanaraq, bəzi alimlər, o cümlədən İmam Əbu Hənifə (Allah ona rəhmət etsin), belə demişlər ki, vəli (ata və ya ata tərəfdən baba) qızı evləndirməzdən əvvəl mütləq onun razılığını almalıdır.

 

İmam ən-Nəvəvi bu hədisi “əl-Minhəc Şərhu Səhih Müslim ibn əl-Həccac” əsərində şərh edərək belə yazır: “Peyğəmbərin ﷺ bakirə qız haqqında buyurduğu: “Bakirə qız onun razılığı alınmadan ərə verilə bilməz” kəlamına gəlincə, alimlər bu hədisin mənası barəsində müxtəlif rəylər bildirmişlər. İmam əş-Şafii, İbn Əbi Leyla, İmam Əhməd, İshaq və başqa alimlər demişlər ki, bizə bakirə qızın razılığını almaq əmr edilmişdir. Əgər vəli ata və ya ata tərəfdən baba olarsa, onun razılığını almaq müstəhəbdir (tövsiyə olunur). Əgər ata və ya ata tərəfdən baba qızı onun razılığını almadan ərə verərsə, nikah etibarlı sayılır. Çünki onların qıza olan şəfqəti və qayğısı kamildir. Lakin vəli ata və ya ata tərəfdən baba deyil, başqa bir şəxs olarsa, o, mütləq qızın razılığını almalıdır. Əks halda, onun razılığı olmadan bağlanan nikah etibarlı hesab edilmir.»

 

Yuxarıda qeyd olunduğu kimi, ata yalnız əvvəl sadalanan bütün şərtlər yerinə yetirildiyi halda bakirə qızını evlənməyə məcbur etmək hüququna malikdir. Əgər həmin şərtlərdən biri belə yerinə yetirilməzsə, nə ata, nə də ata tərəfdən baba qızı evlənməyə heç bir halda məcbur edə bilməz.

 

Bureydədən rəvayət olunur: Bir qız Allahın Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Atam məni qardaşının oğluna ərə verib ki, bununla onun cəmiyyətdə mövqeyini yüksəltsin”.

Bundan sonra Peyğəmbər ﷺ ona seçim haqqı verdi. Qız dedi: “Mən atamın etdiyi bu evliliyi qəbul edirəm. Lakin istədim ki, digər qadınlar da bilsinlər ki, ataların bu məsələdə mütləq hökm vermək hüququ yoxdur”. (İmam Əhməd, 25043; Əbu Davud, 1874)

 

Beləliklə, ata qızını özü münasib gördüyü bir gənclə evlənməyə məcbur etdikdə, bunu ona qarşı mərhəmət göstərərək, onun xeyrini və xoşbəxtliyini düşündüyü üçün edir. Deməli, ata yuxarıda qeyd edilən üç şərtin hamısı mövcud olduğu halda bu hüquqdan istifadə edərsə, məqsədi qızını təhlükədən və ona zərər verə biləcək şeylərdən qorumaqdır.

 

Bununla belə, ata belə bir hüquqa malik olsa da, İslam ona bu hüquqdan istifadə etməməyi tövsiyə edir. Ən doğru yol qızı ilə səmimi və etibarlı söhbət etmək, onunla məsləhətləşmək və seçdiyi namizədin onun üçün daha münasib olduğunu gözəl şəkildə izah edib onu razı salmağa çalışmaqdır.

 

 

Muslİm Abdulayev

2026-08-01 (Сафар 1448 г.) №7.


Kəbəni kim dağıtmağa cürət edəcək?

Kəbə İslamın ən böyük nişanələrindən biridir. Hər bir müsəlman ömründə heç olmasa bir dəfə bu müqəddəs məkanı ziyarət etməyi arzulayır. Məscidül-Həram, onun içərisində yerləşən Kəbə və Mədinədəki Peyğəmbər ﷺ məscidi müsəlmanlar...


Шeјx Бəһaəддин Нəгшбəнди

Бəһaəддин 700 ил əввəл, тəxминəн 1318-ҹи илдə, Мəһəррəм aјынын 14-дə пeшəкaр тaҹир-тaҹик aилəсиндə, Буxaрaнын јaxынлығындaкы Гəсри-Һиндувaн кəндиндə aнaдaн oлмушдур. Oнун aтaсы вə бaбaсы мүттəги (Aллaһдaн гoрxaн) инсaнлaр иди. Oнлaр бүтүн өмүрлəрини тəсəввүф јoлунa һəср eтмиш вə һaлaл зəһмəтлə рузи...


SUALLARINIZ

Өз кəндиндə мəсҹид јoxдурсa, гoншу кəндə исə мəшғулијјəт (чoбaн ишлəдији үчүн) сəбəбиндəн ҝeтмəк гəтијјəн мүмкүн дeјилсə, ҹүмə нaмaзыны тəрк eтмəк oлaрмы? Имaм Ибн Һəҹəр əл-Һeјтəми «Туһфəтул-Муһтaҹ» əсəриндə јaзыр: “Киши ҹүмə нaмaзыны јaлныз ҹүмə нaмaзынын гылындығы јeрдə oлдуғу...


İslamda valyuta mübadiləsi

Ислaм һүгугу тeрминo-лoҝијaсындa "сəрф" дeдикдə, мүгaвилə тəрəфлəринин һəр биринин өзүндə oлaн пул вə јa гијмəтли вaситəни диҝəр тəрəфин пул вə јa гијмəтли вaситəси илə дəјишмəси, јəни пулун пулa сaтылмaсы (мүбaдилə eдилмəси) нəзəрдə тутулур.   "Гијмəтли вaситəлəр" вə "пул" дeдикдə динaрлaр...


Sevimli Peyğəmbərimizə ﷺ Uca Allah tərəfindən verilmiş bəzi möcüzələr

Möcüzə – Uca Allahın Öz qövmündən peyğəmbər seçdiyi şəxsə bəxş etdiyi qeyri-adi bir xüsusiyyət və ya hadisədir. Möcüzə insanların qarşısında peyğəmbərin həqiqətən Allah tərəfindən göndərildiyini təsdiq edir. İnsanlar, hətta hamısı bir yerə...