Tövbə edir, sonra yenə günahlar edirik…
(Davamı. Başlanğıcı əvvəlki nönrəmizdə).
İnsanların haqları ilə bağlı günahlar
Maddi zərər
Maddi zərər oğurluq, başqasının malını zorla ələ keçirmək, dələduzluq, saxta və keyfiyyətsiz məhsulların, o cümlədən saxta pulun hazırlanması və yayılması, başqasının əmlakına ziyan vurmaq, rüşvət almaq və vermək nəticəsində yarana bilər.
Bütün bu hallarda səmimi şəkildə tövbə etmək, sonra isə zərər vurulan şəxsdən halallıq almaq lazımdır. Hətta zərər cüzi olsa və ya bu hadisə insanın uşaqlıq dövründə, yəni həddi-büluğa çatmazdan əvvəl baş versə belə, maddi zərər ödənilməlidir. Çünki uşaqların da vurduqları maddi zərər əvəz edilməlidir.
Əgər insan bu dünyada zərər vurduğu şəxsin razılığını ala bilməzsə, məsələn, borcunu qaytarmasa, bunu axirətdə etməli olacaq. Təbii ki, orada bunu etmək daha çətin olacaq.
Borclu olduğu şəxs vəfat edərsə, zərər onun varislərinə ödənilməlidir. Varislər də yoxdursa və ya onları tapmaq mümkün deyilsə, həmin məbləği çox ehtiyaclı birinə sədəqə vermək olar. Bu zaman niyyət edilməlidir ki, Uca Allah həmin malı Öz dərgahında saxlasın və Qiyamət günü haqq sahibinə qaytarsın.
Həmçinin həmin məbləği Allah rizası üçün cəmiyyətə fayda verən işlərə — məscid, xəstəxana və yol tikintisinə, su xətlərinin çəkilməsinə və bu kimi xeyirli işlərə sərf etmək mümkündür. Onu ehtiyaclı valideynlərə və ya övladlara vermək də məqbul hesab edilmişdir.
Bunların heç biri edilməzsə, Uca Allah Öz istədiyi kimi hökm verəcək: istəsə, zərərçəkənin savablarından bir qismini zülm edənə verəcək, istəsə, zülm edənin günahlarından bir qismini zərərçəkənə yükləyəcək, istəsə də onları barışdıracaq.
Müsəlmanlarla müharibə etməyən qeyri-müsəlmanlara vurulan maddi zərərin ödənilməsi məsələsinə gəlincə, nəql olunur ki, Uca Allah axirətdə onların haqqını Cəhənnəm əzabının yüngülləşdirilməsi ilə təmin edə bilər. Buradan aydın olur ki, müsəlmanlarla vuruşmayan qeyri-müsəlmanlara maddi və ya başqa cür zərər vurmaq qadağandır. Belə bir zərəri axirətdə ödəmək çox çətin olacaq.
Buna görə də son dərəcə ehtiyatlı olmaq lazımdır.
Mənəvi zərər
Mənəvi zərər qeybət, böhtan, istehza, yalan şahidlik, təhqir və bu kimi əməllərlə vurula bilər. Belə hallarda tövbə etmək və zərərçəkəndən halallıq almaq lazımdır.
Əgər kimsə başqası haqqında böhtan danışıbsa, həmin sözü söylədiyi insanların qarşısında öz səhvini etiraf etməlidir.
Bədən xəsarəti yetirmək
və qətl
Əgər insan kimisə öldürübsə və ya ona ağır bədən xəsarəti yetiribsə, ilk növbədə tövbə etməli, sonra isə qisas tələb etmək hüququ olan yaralının və ya öldürülənin vəlisinin ixtiyarına təslim olmalıdır.
Haqq sahibi cinayətkarı əvəzsiz olaraq bağışlaya və ya ondan pul, yaxud başqa formada diyə ala bilər.
Ər-arvada xəyanət
Bu günahdan tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır. Əgər hadisəni açıqlamaq münaqişə yaranmasına səbəb ola bilərsə, Allahdan tez-tez bağışlanma diləmək, zərərçəkən üçün dua etmək və onun adından sədəqə vermək lazımdır.
Möminlərin dini hisslərini təhqir etmək
Əgər kimsə heç bir əsas olmadan başqa bir insanı açıq şəkildə küfrdə və ya günah etməkdə ittiham edibsə, tövbə etməli və zərər vurduğu şəxsin könlünü almalıdır. Bunun üçün söylədiyi sözün yalan olduğunu etiraf etməlidir.
Yuxarıda sadalanan hallarda insan kiməsə zərər vurub-vurmadığını dəqiq bilmirsə, əksər alimlərin rəyinə görə, sadəcə halallıq istəməsi kifayətdir. İmam Qəzali isə bunun yetərli olmadığını hesab edir.
«Əl-Xülasat» kitabında belə deyilir:
«Əgər zülm edən şəxs zərərçəkənə: “Üzərimdə olan bütün borclardan məni azad et”, — desə və zərərçəkən ona vurulmuş zərərləri bilərək onu bağışlasa, zülm edən şəxs həmin haqlardan azad olar».
Muhəmmədin rəyinə görə, bu halda maddi borclar ödənilmiş sayılmır. Əbu Yusifin rəyinə görə isə borclu həmin borclardan azad olur.
Dəqiqləşdirilməmiş borc və haqsızlıqlara görə ümumi şəkildə halallıq istəmək müsəlman ümmətinə verilmiş xüsusiyyətlərdən biridir. Əvvəlki ümmətlərə belə bir hüququn verilmədiyi bildirilir.
Bir nəfər başqa bir şəxsə borcu olduğunu, lakin borcun miqdarını bilmədiyini söyləyərək ona müraciət edir:
«Sənə olan bütün borclarımı mənə halal et».
Haqq sahibi də cavab verir:
«Səni borclarından azad etdim».
Bu hadisə barədə ən-Nəsr belə demişdir: «Borclu yalnız xatırladığı və kimə borclu olduğunu bildiyi borclardan azad olar».
Məhəmməd ibn Sələmə isə belə hesab edir: «Borclu bütün borclardan azad olur».
Əbu Leys deyir: «Ən-Nəsrin hökmü axirət üçün, Məhəmmədin borcların ödənilməsi barədə dediyi isə dünya üçün doğrudur».
Əgər bir şəxs: «Mən bütün borclularımı bütün borclarından azad edirəm» və ya «Heç kimin mənə borcu yoxdur», — desə, bu sözlər ona borclu olan insanların törətdikləri əməllərə görə məsuliyyətini tamamilə aradan qaldırmır.
Ən yaxşı yol başqalarının borclarını bağışlamaqdır, xüsusilə də çətin vəziyyətdə olan insanları.
Hədisdə belə buyurulur:
«Kim çətin vəziyyətdə olan borcluya möhlət verər və ya borcunu tamamilə bağışlayarsa, Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı Qiyamət günü Allah onu Öz kölgəsi altında saxlayar». («Bəriqət əl-Mahmudiyyə», 2-ci cild, səh. 230)
Beləliklə, insanların borcları öz sahiblərinə qaytarılmalıdır. Əgər haqq sahibləri həyatda deyillərsə, həmin məbləğ onların adından sədəqə verilməlidir.
Yoxsulluğuna görə başqalarının haqlarından qurtulmağa imkanı olmayan insan isə Uca Allahın bağışlamasına ümid edə bilər. Onun mərhəməti genişdir. Allah neçə-neçə borcu əvəz etmiş, pis əməlləri savablarla dəyişdirmişdir!
Müsəlmanlardan kiməsə zərər vuran şəxs çoxlu xeyirli əməllər etməli və Allahdan bağışlanma diləməlidir. Allahın mərhəmətindən ümid kəsmək olmaz!
Həqiqətən, Uca Allah Öz qulunun tövbəsini qəbul etdikdə, onun başqalarına olan borclarını Öz mərhəmət xəzinələrindən ödəyər.
Alim Şəbrəmülləsi yazır:
«Əgər bir insanın üzərində başqasının haqqı və ya borcu varsa, yaxud kiməsə zülm edibsə və halallıq almaq imkanı olduğu halda bunu etməyibsə, həmin haqqı ödəməyincə və ya sahibindən halallıq almayınca tövbəsi qəbul olunmaz. Lakin bunu etməyə imkanı yoxdursa və buna baxmayaraq, fürsət yaranan kimi borcunu qaytarmaq niyyəti ilə tövbə edibsə, Uca Allah onun tövbəsini qəbul edər».
Tövbənin qəbul olunması üçün zülm edilən şəxsə qarşı edilən haqsızlıq barədə məlumat vermək lazımdır. Əgər insana baş verənləri açıqlamaq çətindirsə, üzərində olan borcu həmin şəxsin adından sədəqə verə bilər. Bu, itirilmiş əmlakın əvəzi ilə bağlı hökmlərə bənzəyir.
Zülm edilən şəxsin malını ictimai xəzinəyə — beytül-mala — vermək də mümkündür, əgər fəaliyyət göstərən belə bir xəzinə varsa. Lakin beytül-mal yoxdursa və ya vəsaitin lazımi yerə sərf ediləcəyinə əminlik yoxdursa, həmin malı zərərçəkənin adından sədəqə vermək daha yaxşıdır.